Aydan Ay: Pıçıltı (esse)

Aydan Ay: Pıçıltı (esse)

                      (esse)

Yenə hüdudsuzluqdayam...Ağ vərəqləri bağrıma basıb oturmuşam. 
Yenə, yenə içim, çölüm mürəkkəbə bulanıb.
Gözlərimdəki daxmaya getməyə əlimdə, ovcumda bir qarış yolum vardı. 
Elə sonsuzmuş ki, varacağım ünvan...
Addımlarımın huşu axsadı. Yarıyolda diz çöküb addımları oxşadım-
Cavan addımları,
qoca addımları,
qürub addımları...
Oxşadıqca istisinə üşüdüm, soyuğuna yandım.Məntək bütün yolçuların...
Qəribsəyən addımların...
Əynimdəki yel də evimizdən xatirə qalmışdı mənə. Heç çıxarmıram əynimdən...  
Deməmişəm axı, bizim evin bir də çöl tərəfi vardı.
Bir fəsil axtarardım, məsələn...Çox demirəm, bir fəsil...
Tapmazdım!
Fəsillərim taleyin bir sərt silləsi ilə elə gözdən itirdilər ki...
Mən də daha evimizdə fəsil axtarmağı buraxdım... 
Elə o günün yeni, fəsilsiz yaşamağa alışdığım günün gecəsi yuxumda gördüm ki, bizim o fəsilsiz evimizin qapısının önündə bir ağac qocalığını yaşayır. Bir köksünə qısılıb hönkürəni çatmır.
Nə olar, gedin budaqlarına nəğmə oxuyun...
Mən elə hey gedirəm, çata bilmirəm.
Siz qabaqlayın məni, qurumasın o ağac.
Pıçıldayın ki, gələcəyəm.
Heç olmasa o ağacın köçünə yoldaş olacam...
İşdir əgər o ağacın harayına çatmasam...
Bu "vəfasızlığımı" bu yazının vaxtsız düşən axşamına bağışlayın.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az