Bakının sürəkli müharibə hazırlığı: bir ayda 3 təlim, ikisi Türkiyə ilə...

Bakının sürəkli müharibə hazırlığı: bir ayda 3 təlim, ikisi Türkiyə ilə...

Mayın 20-dən Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayır. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 5 günlük təlimin əsas mövzusu düşmənin gecə hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks-zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.
Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aparılacaq təlimlər Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilir.
*****
"Yeni Müsavat” xatırladır ki, bu, may ayı üçün Azərbaycan Silahlı Qüvvələrinin 3-cü genişmiqyaslı həbi təlimidir. Bundan az öncə qardaş Türkiyədə iki ölkənin hərbi-hava qüvvələrinin cəlb olunduğu birgə təlimlər reallaşmış, ayın əvvəlində (1-4 may) isə Azərbaycan ərazisində "Mustafa Kamal Atatürk - 2019" kod adlı ortaq təlimlər keçirilmişdi.

“Mustafa Kamal Atatürk - 2019

Yəni əslində Azərbaycan Ordusunun fərdi və ortaq hərbi təlimləri xeyli intensivləşdirdiyi qeyd olunmalıdır. Sürəkli müharibə hazırlığı isə, təbii ki, ilk növbədə Ermənistana - sülh danışıqlarını müxtəlif bəhanələrlə uzatmağa çalışan, işğal rejimini əbədi etməyə səy edən təcavüzkar tərəfə aydın xəbərdarlıq siqnallarıdır ki, nəticəsiz danışıqlar prosesi, İrəvanın sülh imitasiyası günün birində yeni və böyük müharibənin "fitilini” çəkə bilər.
Başqa sözlə, ordumuzun budəfəki əks-hücum və hücum məşqlərində daha bir hədəf gücə əl atılmadan Qarabağla bağlı ədalətli sülhü yaxınlaşdırmaq, nizamlama prosesini məzmunlu eləmək, nə qədər gec deyil, düşməni ağla gətirmək, danışıqlar masası arxasında ölkəmizin sözünü daha kəsərli, mövqeyini daha güclü eləməkdir. Üstəlik, hərbi ekspertlərə görə, indi əməliyyatlar üçün ən əlverişli mövsüm sayılır. Hərçənd Azərbaycan ordusu istənilən fəsildə, istənilən hava şəraitində torpaqlarımızı azad etməyə qadirdir. Dünyanın reytinq siyahısında 54-cü yerdə qərar tutmuş ordumuz həmin siyahıda 97-ci olan işğalçı erməni ordusunu hər an darmadağın edib Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilər.

“Mustafa Kamal Atatürk - 2019

Ard-arda may hərbi məşqlərinin başlıca mesajı budur. Özü də bu mesaj təkcə Ermənistana yox, nizamlama prosesində yetərli diplomatik fəallıq göstərməyən və işğalçının başını "sığallayan” vasitəçi dövlətlərə də ünvanlanıb...
*****
Ordumuzun ən müxtəlif hava şəraitində və coğrafi relyeflərdə keçirdiyi təlimlər, sözsüz ki, hərbi qələbəmizi 100 faizli etməyə hesablanıb. Hərbi ekspertlərdən birinin "Yeni Müsavat”a bildirdiyinə görə, əməliyyatların hansı relyefdə və fəsildə, hansı hava şəraitində keçirilməsi həlledici əhəmiyyət daşımasa da, əslində əhəmiyyətsiz də deyil. Bu mənada silahlı qüvvələrimizin intensiv hərbi təlimlərlə, o sırada qardaş ölkə ilə ortaq təlimlərlə öz döyüş bacarığını daha da artırması, hücum və əks-hücum taktikasını bir az da cilalaması məntiqlidir.
"Qarabağ müharibəsinin tarixinə nəzərə salsaq, görərik ki, böyük hərbi əməliyyatlar yanvarda da, dekabrda da olub. Fəsil həlledici əhəmiyyət kəsb eləmir. Yetər ki, ordunun yüksək səviyyədə hazırlığı, təminatı olsun. Bundan ötrü də ordu birləşmələri vaxtaşırı hərbi təlimlər keçir. Hərbi təlimlər isə hər bir şəraitə uyğun, sərt qış fəslində də, isti yay aylarında da keçirilir. Bununla da istənilən iqlim şəraitində döyüş vərdişləri təkmilləşdirilir”. Bunu "Yeni Müsavat”a hərbi ekspertlərdən biri deyib.

“Mustafa Kamal Atatürk - 2019

Ordumuzun ön və arxa təminatı isə yüksək səviyyədədir. Azərbaycan bundan ötrü həm də hər il yeni-yeni hərbi hissələr və tərəfdaş ölkələrin dəstəyi ilə öz ərazisində hərbi zavodlar qurur, özünün hərbi-sənaye kompleksini inkişaf etdirir. Eyni zamanda, Bakı qardaş Türkiyə, İsrail, Rusiya, Belarus, Pakistan və digər dövlətlər hesabına silahlı qüvvələrini ən modern silahlarla təchiz edir - hansı imkanlar ki, kasıb Ermənistanda yoxdur.
Bu silahlar, təbii ki, yalnız vitrinə qoyulmaq və ya hərbi paradda nümayiş etdirilib təlimlərdə sınaqdan çıxarmaq üçün deyil. Ən önəmlisi, yeni silahlar, müasir döyüş sistemləri uğurlu müharibə taktikasına hesablanıb. Bu taktikanın zəmanətli şəkildə uğur qazanmasında, sözsüz ki, NATO üzvü olan Türkiyənin təcrübəsinin əxz edilməsi mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, son zamanlar qardaş ölkə ilə intensivləşən birgə məşqlər düşmən tərəfi xüsusilə narahat etməkdədir... (musavat.com)

 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az