“Biz birlikdə qalib gəlmişik!”

“Biz birlikdə qalib gəlmişik!”
 
Aydın Canıyev, Moskva, xüsusi olaraq Miq.az üçün

Həyatın öz gözəllikləri var! Bu gözəlliklərdən biri də qələbədir! Qələbələrin içində də ən gözəli əbədi qeyd olunacaq qələbələrdir! Ən azından İstanbulun fəthi, Çanaqqala savaşı kimi.
 
Onlardan biri də və hələ ki, tarixin sonuncu təkrarolunmaz qələbəsi sayılan İkinci Dünya – Böyük Vətən Müharibəsidir... 74-cü dəfə ardıcıl qeyd olunan!

Böyük sovet sərkərdəsi Rokossovski çıxışlarının birində demişdi ki, bu müharibə ümumxalq müharibəsi idi və qələbəni də ümumi xalq qazandı!

O qələbənin qazanılmasında bizim də, azərbaycanlıların da müstəsna xidmətləri olub: döyüş salnaməsinin ən parlaq səhifələrini yazmaqla, cəbhəyə hər cür, ilk növbədə isə yanacaq yardımıyla. Artıq dünya da Bakı neftinin bu qələbədə misilsiz rolunu etirtaf edir!

Moskva Vilayəti Azərbaycanlıların Milli Mədəni Muxtariyyatı təşkilatı öz Qələbə performansını davam etdirməkdədir. Bu dəfə MV AMMM Böyük Vətən Müharibəsinə ("Katyuşa” tipli raketlərin mərmilərlə təchizi) və SSRİ kosmonavtikasına danılmaz töhfəsi (kosmosa uçuşların həyata keçirilməsi və bu uçuşlara rəhbərlik) olmuş Kərim Kərimovun adına olan 1583 saylı (5 təhsil, 2 məktəbəqədər müəssisəni özündə birləşdirir) məktəbdə keçirilən tədbirdə səslənən möhtəşəm uğurlar dilə gətirildi. Müharibə veteranları, arxa cəbhə fədakarları ilə görüşdə, əlbəttə ki, tarix və xatirələr hər kəsi ehtizaza gətirdi, alqışlar hər kəsdə xoş duyğular oyatdı.


Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Vüqar İmaməliyev ölkəmiz və səfirimiz adından ən xoş arzularını dilə gətirdi, töhfələrimizi nəzərə çatdırdı, birgəliyimizin faydalarını, möhtəşəmliyini qeyd elədi.


Sözsüz ki, 74-cü dəfə qeyd olunan bu bayramda boynumuzda haqqı, vətən qarşısında xidmətləri olanlara sevgi və ehtiramla birgə təqdim olunan hədiyyələr, mükafatlar da öz yerində.
Məktəbin şagirdləri arasında keçirilən "Biz birlikdə qalib gəlmişik” müsabiqəsinin də incəliyi təqdirəlayiq sayılmalıdır.

Çoxmillətli SSRİ – Rusiya Federasiyası xalqlarının nümayəndələri öz ata-babalarının döyüş yoluna və qəhrəmanlıqlarına həsr etdikləri inşalarla, esselərlə gözəl bir çələng yaratmış oldular!
5 saata yaxın davam edən tədbirdə insanlığa, bəşəriyyətə qarşı hər hansı təcavüzün dəf olunmasının mümkünlüyünün xalqların birliyindən keçdiyi bariz şəkildə izahlandı. Dünyanın xilasının xaqların birliyindən və dostluğundan asılı olduğunu uşaqların, yeniyetmələrin şüuruna hakim kəsilməsi üçün belə tədbirlərin vacibliyi bir daha üzə çıxdı.


Tədbirin təşkilatçıları - MV AMMM-ın sədri Elşən İbrahimov və Həşim Əliyev öz çıxışlarında bu tarixi Qələbəni birlikdə qazandığımız kimi, Qələbə eyforiyasını da birlikdə bölüşməyimizin ədalətliliyini gözəl çatdırdılar.
Doğrudan da, tarixin ibrətamiz olan qələbələrindən nəticə çıxartmaq lazımdır.

Vaxtilə birlikdə qələbə qazandıqlarımızın indi bizə qarşı vuruşmamaları, düşmən mövqedə durmamaları üçün tez-tez xatırlatmaq lazımdır ki, biz birlikdə qalib gəlmişdik! Biz birlikdə qalibik!
Regional təşkilatın təmsilçilərindən Valeh Məmmədov, Rusiya Azərbaycanlıları İttifaqından Ceyhun Əliyev və başqaları tədbirdən sonra məktəbdəki milli muzeyimizdəki eksponatlara baxmış, gələcək fəaliyyətlərində necə və nə cür dəstək olmaq planlarını müzakirə etmişlər!

Müsabiqə qaliblərinə MV AMMM-in mükafatları təqdim olunmuşdur. 

Tədbirin fəxri qonaqları kəşfiyyatçı-veteran Y.İ.Bausin, Qolovinsk rayon Veteranlar Şurasının sədri O.V.Klimov, müharibə məhbusu T.N.Balakova, eləcə də digər çıxışçılar məktəbin direktoru S.Y.Dvoryantsevaya və baş metodist A.V.Belovaya, həmçinin tədbirin keçirilməsinə cavabdeh Ramidə Qasımovaya təşəkkürlərini bildirdilər. Layihənin müəllifi Həşim Əliyevin çıxışında tarixi incəliklər olduqca cazibədar idi: İkinci Dünya Müharibəsində hətta sürgün olunmuş və əsir götürülmüş almanlar, çeçenlər, inquşlar, Krım tatarları da Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblərmiş!
Müsabiqənin ən maraqlı tərəfi isə... iştirak edən şagirdlərin hər birinin mükafatlandırılması oldu! 

Necə deyərlər, birlikdə qalib gələndə mükafatsız qalan olmur...








Miq.Az


  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az