"Biz özümüzü söyməliyik ki..." - "Məğlubiyyət protokolu"nun mənhus yubileyii...


Bu gün müasir Azərbaycan tarixinin ən utancverici bir günüdür. 25 il əvvəl Ermənistanın və havadarı Rusiyanın Qarabağı işğal etməsi ilə müvəqqəti barışan Azərbaycan üçün məğlubiyyətin etirafının sənədləşdirildiyi yubiley günüdür. Məğlubiyyətin etirafının da yubileyi olurmuş.  Hər bir protokolun gündəlik məsələsi olur,  qeyri-müəyyən vaxta hesablanmış və Azərbaycanı hər gün daha da diz üstə çökdürən "məğlubiyyət protokolu”ndakı gündəlik məsələ 25 ildir ki, dəyişmir. Planetdə bu vəziyyətdə olan millətlər, xalqlar axtarsanız sayı iki-üçdən çox olmaz. Onlardan biri də bizik. Adına "atəşkəs protokolu” dediyimiz məğlubiyyət sənədinə imza atanların uzaqgörənliyinin Qarabağın azad edilməsinə hesablanmadığı bu 25 ildə yalnız şübhə yaradıb və yaşadığımız hər gün bunu təsdiq edir. 25 illik "status-kvo” bu şübhəni doğurmağa əsas verir və bu illər ərzində yalnız Azərbaycan xalqının görünən və görünməyən, amma hər zaman hiss olunan müqavimət amili "məğlubiyyət protokolunu” kapitulyasiyaya sənədinə çevirməyə imkan verməyib. 

Atəşkəsin imzalandığı tarixi şəraitə ekskurs etmək niyyətim yoxdur, bu barədə kifayət qədər şərhlər və materiallar cəmiyyətə məlumdur. Amma, dünya tarixinin son illərinə ekskurs etməklə oxşar situasiyadan necə çıxmağın beynəlxalq təcrübəsinə nəzər salmaq səmərəli ola bilər. Qarabağda müharibə gedirdi. Qarşıdurmalar, münaqişələrdən fərqli olaraq müharibədə atəşkəs o zaman imzalanır ki, qısa müddətdə sülh müqaviləsi imzalanır. SSRİ-nin dağılması milli-etnik qarşıdurmalarla-müharibələrlə müşahidə olunduğu kimi, Yuqoslaviya Federasiyasının dağılması da millətlərarası müharibələr baş verdi. Sloveniya müharibəsi, Xorvatiya müharibəsi, Bosniya müharibəsi. Makedoniya və digər respublikalarda baş verən silahlı qarşıdurmalar yuxarıda qeyd etdiyimiz müharibələr miqyasında deyildi. Serblərlə aparılan bu müharibələrdə  sonunda atəşkəs imzalanıb, amma illər deyil, atəşkəsdən cəmi bir ay sonra sülh müqaviləsi imzalanıb. Xorvatiya müstəqilliyini elan edəndə separatçılar Serbski Kraine adlı respublika elan etdilər-Qarabağ erməniləri kimi, amma Xorvatiya razı olmadı və müharibəni sonadək aparıb Xorvatiya torpaqlarında qondarma respublikanın yaranmasına imkan vermədilər. Sonunda atəşkəsdən qısa müddət sonra Deyton sazişi ilə Xorvatiyanın ərazi bütövlüyü təmin olundu. Ayrı necə olmalı idi ki? Başqa cür proses və yanaşma bizim başımızda çatladı.
 
1994-cü il atəşkəs imzalanandan sonrakı aylarda xalq Qarabağın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını gözləyirdi. Atəşkəsə imza atılanda millət sadəlövhcəsinə bu prosesi gözləyir və şərtlərin ağır olacağını düşünürdü, çünki faktiki əraziləri işğala məruz qalan, yəni uduzan tərəf biz idik və atəşkəsə imza atanlar bilməliydi ki, udan tərəfin şərtləri ağır olacaq, necə ki, oldu. Və atəşkəsdən bəri aparılan danışıqların bizim üçün səmərəsizliyinin yubiley günü, bu gedişlə sonuncu yubiley olmaya bilər. 
 
Atəşkəs birmənalı şəkildə dövlət olaraq Ermənistanın işinə yaradı. Bizdə də atəşkəsdən xeyli yararlananlar oldu, amma dövlət və millət olaraq yox. Ola bilsin ki, atəşkəs həmin zaman kəsimində zəruri xarakter daşıyıb, amma 25 illik də atəşkəs olar? Bu atəşkəs, erməninin Qarabağda məskunlaşması deməkdir və oldu da. Bu atəşkəs erməni lobbiçilərinə imkan verdi ki, beynəlxalq rəyi bizim əleyhimizə çevirsinlər, hərçənd bu işdə bizimkilərin də "xidməti” böyükdür. Tarixi şəraitin öncədən pusqusunda dayanan erməni bu gün də şəraiti öz lehinə həll etmək siyasətini yürüdür. Bu düşməndir və düşmənçiliyini edəcək. Düşməni söymək ən asan işdir, Azərbaycanda ən asan iş ermənini söyməkdir, çünki heç bir nəticəsi yoxdur. Biz özümüzü söyməliyik, özümüzü tənqid etməliyik. Niyə 25 ildir ki, Qarabağ torpaqları azad olunmur? Niyə azad edə bilmirik? 
Atəşkəslə məğlubiyyətimizin bünövrəsi qoyulub. Bu təməli dağıtmaq üçün millət daha 25 il gözləməməlidir...

İlham İsmayıl



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az