Elməddin Nicat- Yeni şeirlər

Elməddin Nicat- Yeni şeirlər

MƏN SƏNİ SEVƏRƏM...

Mən səni sevərəm, elə sevərəm
Saçların sinəndə tel-tel oynayar.
Ürəyin uçunar köksünün altda
Göz gülər, baxışlar dil-dil oynayar.

Dilində qırılar bütün hecalar, 
Ürəyin ağlını bölər, haçalar. 
Titrəyən dodağın "təzənə çalar”,
Ovcunun içində məndil oynayar.

İşvə puçurlayar, naz çiçəkləyər,
Bahar bu sevgidən az çiçəkləyər.
Sevərsən könlümdə yaz çiçəkləyər,
Sındırsan ürəyim pul-pul oynayar.



DARIXANDA ÖLMÜR ADAM

Bu gecənin üzü soyuq,
Əyni yalın ulduzların.
Allah, halı nə olacaq
Bu gecədə yalqızların?!

Bu gecənin həniri yox,
Buz sallanır budaqlardan.
Təkadamlıq ayrılıq var
Dörd divarlıq otaqlarda...

Tamını billəm, ayrılıq-
Ölümdən çox baha çıxır.
Darıxanda ölmür adam.
Dirilib sabaha çıxır.



RƏSSAM...
(Nəvai Metinə)

Ürəyimin başı malbertə sığnmış kətan...
Toxundur fırçanın ucunu...
Nə çəksən adını sevgi qoy
Dəli sevgilərin 
yarımçıq bitməsin ömrü.
bir az rənglərə arzu qarışdır
Günəş rəngi də yaddan çıxmasın
Ürəyim dənizdə qağayı misal
Bu saat yellənir ləpələr üstə
Vüsaldan oxuyur çat dodaqlarım
De götür fırçanı rəssam adam
Qoy bağrı çatlasın ayrılıqların...!


ŞƏKİLLƏR SAĞ QALIR...

Sən məni yaşayan xatirələrdə, 
Sən məni sağ qalan şəkillərdə sev...
Boylan ürəyimin pəncərəsindən,
Ömrü küçə-küçə çək illərdən...sev !

Saxla qar içində şəkillərimi,
Adını "darıxmaq" sərgisi elə.
Adımı dilinin ucunda unut,
Qəfil unudulanlar cərgəsi ilə...

Hardasan, gecikdin, ömür tələsir, 
Axşamdan sabaha ümid bir udum.
Səni doya -doya içimə çəkdim, 
Səni şəkillərlə necə unudum?!!!



UZAQLARA...

Bu gecədən ulduz axar
Axar, tənha, yalqız axar.
Xəyalımdan bir qız axar
Vətəndən eyyy uzaqlara...

Düzəlib səfə dönmürsən
Düşmüsən kefə, dönmürsən.
Xəyalım evə dönmür,  sən-
Gedəndən eyyy uzaqlara..

Sınar ümid, kəsilər qol,
Ürəyindən muğayət ol.
Yollar bitmir, gözlərim yol-
Çəkəndən eyyy uzaqlara...

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az