Eyyub Xəyal: "Həyat qürbətdirsə, ölüm vətəndir"

Eyyub Xəyal:
Eyyub Xəyal

Saçlarımdan körpü düzəldib get ki,
Gedişin başımın üstünə çökə...
Əzizim,ayrılıq dilində sevgi
sözünün mənası, ölümdür bəlkə?!

Yolayaq izini əsir götürsün
izin oxşamasın,gedən izinə...
Əcəl məni iki dəfə öldürsün
biri mənim,biri sənin yerinə

Yağış yağar,yerdən ayrılıq bitər...
Üşüsəydin səni yola bükərdim.
Sevgi mühəndisi olsaydım əgər
Eşqin yollarını sənə çəkərdim!

Gedişini qoyum hansı sıraya?
Ürəyimdən gedən,yoxsa ki,ölən?
"Ayrılıqlar"bizdən gəldi dünyaya
Anası sən oldun,atası da mən

Yalnızı göstərməz heç bir xəritə
Gedib bədən tapıb,ruh itirmisən
Mən vergül olmuşdum,sən isə nöqtə
Bizim eşqimizi sən bitirmisən

***

Belə izah edim sizə bu canı!
Sinəmdə  dağlar var,həm də dərələr
Əllərim olubdur hava limanı
Ovclarımdan qalxır ağ təyyarələr

Məni tanıyanlar bilsinlər gərək
Bədənim dünyanın ucqar qırağı
Nəfəsim uçuşa yön verən külək
Ovcumdakı xətlər uçuş zolağı

Əlimin üstüdür,torpağın altı
Çiynimisə dayaq vermişəm aya
Başım kainatın yeddinci qatı
Boynumu çevirsəm tərpənər Dünya

Dənizlər canıma hopubdur deyə
Suyun azalması adi nizamdır
Dünya qələmimdən qopubdur deyə
Dünyadakı yollar mənim imzamdır

***
Deyəsən göylərin qaralıb qanı
Qara buludlarsa hemin duyğudur
Dunyanın ən gözələtri,yağışdan
Sonrakı torpaqdan gələn qoxudur

Torpaq da yuyunur yağış yağanda
Damcılar buluddan ömür diləyir
Bəlkə yağış deyil yerə düşən, göy
Torpağın üstünə ətir çiləyir?!

Onları qısqanıb, ayırdi Tanrı
Topraqsa istəyir göylərə dönsün…
Sanki yağış deyil,göy ağlayır ki,
Yerin ürəyinin alovu sönsün.

Elə bil yağışdan körpü hörülür.
Yerin ürəyinin alovu sönər.
Göylərin göz yaşı insanlar üçün
Sonra buxarlanar,nəfəsədönər.

Xəyal görürəm,bu adi yağışdır
Sadəcə harası köhnəlib görək.
Göy üzü dəlinib,su damır yere
Iynə-sap gətirək,yamayaq gərək


Ölüm Vətəndir

Əyninə geymisən siyah gecəni
Gecə gəlməyinin özü də zülmdür.
İlk dəfə görsəm də tanıdım səni
bildim kimsən, sənin adın ölümdür.

Ölüm vaxtdır,insan vaxtın quludur
Fikirdə gizlənən başdadır ölüm
Kim deyir qədimdir,bizdən uludur?
Elə mən öldüyüm yaşdadır ölüm

Gözünlə görməzsən, yaninda gəzər
O nə tapılandır,nə də itəndir
Hər kəsin ölümü özünə bənzər
Həyat qürbətdirsə, ölüm vətəndir

*** 

Yoxluğuna neçə qadın sığışar?

Gözlərim çəkibdir gəldiyin yolu..
Yol bədənə dönüb,durub qarşında..
Ömrümü qabına çəkdim,buyur ye..
Keç əyləş ən yaxşı misra başında

Ayağı sınıqdır misralarımın
Yıxılarsan,qelbin yerlərə dəyər
Ömrümü sevməsən əft etmə məni
Qonaq umduğun yox,tapdığın yeyər

Qoşulub gəldiyin ayaqlarının
izi gedişindən sonra öləcək
Qəlbim həmin qəlbdir,sən kiçilmisən
Ta ürəyim sənə böyük gələcək

Gəlişin eşqimdən utanır,çünki 
Öz ayaq izinə yük oldun hərdən
Getdiyin ürəkdə eyni olsan da...
Qəlbimdə özündən böyük idin sən

Doladım boynuma getdiyin yolu
Ruhumu kölgənin üstünə basdım
Ayaq izlərinin dərin yerində
Yolların xettindən özümü asdım..

Gedişinin izi yuyulsun deyə
Sıxdım buludu,su gələnə kimi.. 
Yoxluğuna neçə qadın sığışar?
Yağış yerə düşüb ölənə kimi!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az