Hikmət Nikbin: "Azərbaycan bükülüdü bənövşə yarpağına!"

Hikmət Nikbin:
Hikmət Nikbin


***
Eheey,
keçmişin şəhər darvazalarını bağlayın!
Kim ağacların yarpaq tökümünə kədərlənmədi?
Kim sevinmədi ağacların çiçək gülüşünə?

Bu dünyanın payızında , qışında qalmışıq.
Tarixin bahar vaxtı , günü var,
Bakının dünya Paytaxtı Günü var!

Eheey,
keçmişin şəhər darvazalarını bağlayın!
Açın qapıları,
bir fəsilli - bir baharlı əsr gəlir!
Külək sevincək əsəcək burda,
yağış sevincək yağacaq burda.

Bəsdir, Azərbaycan büküldü bənövşə yarpağına!
Bizə sevinc yasaq?

Mənim dinim
böyüklüyü axtarmaqdır, bilməkdir.
Mənim dinim
böyük yaşamaqdır,
böyük ölməkdir!

Eheey,
qəm adamları,
məni eşidirsinizmi?


***
Fasilə ver mənə bu yaz, Tanrı,
göy üzünü fikirləşim!

Torpağı necə bitirdiyindən,
Zamanı necə gətirdiyindən, 
özünə uyan insanı 
nəylə yola saldığından, ötürdüyündən 
bir kitab da mən yazım!
Adı : - Tanrı belə düşünürdü.. .

Yer üzündən qayıtmaq varsa Sənə,
günəşin göz yaşları
düşməz kölgəliklərə.
Düzən göylərin yağışları
dəyişməz Ay ölkəsini.

Əlim Sənə yağır!
Dünyaya evimdən çıxıram,
ayağım anlamır ki.

Səndən ömür gətirmişəm,
Səni 
tanıya-tanıya yer üzünə din gətirmişəm.

Eyy , kitaba sığmayanım,
Səni neçə hərfə sığdırdıq.
Səni neçə düzə , səhvə sığdırdıq.

Nə yaxşı ki, Səni toplamaq olmur,
Nə yaxşı ki, Təksən, Tanrı!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az