Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...

Çinarə Ömray

BiR KiTABIN FƏRYADI

Mən 1987-ci ildə yağışlı bir gündə Qubadlı rayon Müskanlı kəndində dünyaya göz açdım. Mən dünyaya gələndə ana təbiət də dolmuş qəlbini boşaldır, ovçu yaralamış maral kimi ətrafa göz yaşı axıdırmış. Dolmuş buludlarda rəqs edən dəlisov şimşəklərdən sonra tükürpədici göy nəriltilərinə mən də dodaqlarımı büzər, gözlərimi yumar, için- için hıcqıraraq qoşularmışam. Kim bilir bu yeni doğulmuş körpə bəlkə də Vətənin başına gələcək, göylərə sığmayan bəlaları hiss edib, ara vermədən ağlayırdı. Onun bağırtısını nə ananın isti, həlim nəfəsi, nə də ata qollarının möhkəm əzələləri kəsə bilirdi!... Çox çəkmədi şeytanın içimizdə əkdiyi toxum bitiş tutdu, cücərdi, qol-qanad atdı.Vətənin üstünü qara buludlar aldı...Günəşin çıxmasını görməmiş batdığını gördük, yaz gəlməmiş çovğun, boran gəldi, toy-büsat görməmiş yas gördük, anaların oğul evləndirməsini, qız köçürməsini görməmiş, fəryad qoparmasına, səsinin ərşə bülənd olmasına şahidlik etdik! Atalarımız xəstə ürəklərini sinələrində gəzdirməkdən usanırdılar, üzümüzə baxmağa ar edirdilər. Nəbinin göz bəbəyi kimi qoruyub bizə verdiyi Vətəni erməni dığalarına verdik. Həyalı gəlin kimi nazlanan Bərgüşad dərd çəkməkdən beli bükülmüş qarılar kimi büdrəyə-büdrəyə, başı aşağı Araza tərəf süzülür...Sizə elə gəlməsin ki, 6 yaşında elindən ayrı düşmüş bu qız Vətəndən belə danışır. Axı, bu Vətən dadını hardan bilir? Anamın evin küncünə çəkilib, xısın-xısın ağlaması, atamın başını əlləri ilə qucaqlayıb üzü üstə saatlarca belə qalması, nənəmin yanıqlı-yanıqlı bayatı haraylaması Vətənsizliyimizi bizə demirdimi? 

...Bu günlərdə Səyavuş Yusifovun "YALQUZAQ ULARTISI” kitabını oxudum. Məni məndən alıb apardı hər sətir, hər söz, hər cümlə. İlahi,  kimlər, nələr vardı burda?  Burda diri-diri məzara gömülənlərinin ruhlarının çığırtısı,  burda əsirlərin harayı, Zəngəzur yarası,  Qubadlı fəryadı vardı. 

Bu kitab sanki gənciliyinə, cavanlığına yoxluqların, qaçqınlığın qonaq olduğu bir adamın hayqırtısıdır. Sanki gördüyü onca vəhşiliklər içində,  qan,  nifrət,  güllə səsi içində içinin paklığına , saflığına hələ də xəyanət etməyən bir adamın iç səsidir. Sanki babamın köksünü gərərək , ürəkdən "qardaşım" dediyi Əli əmidir. Sanki nənəmin bir küncə çəkilib Vətən həsrətindən bayatı deməsi, bizim-biz Qubadlıların Gürşad dədəmizdir, hərif-hərif Qubadlıdır. Eh, daha nələr, nələr...

...Oxuduqca hər şey o qədər canlı gəlir ki, mənə hərdən əlimlə vərəqlərə toxunuram və düşünürəm ki, "görəsən,  vərəqi cırsam qan axar?", "görəsən, o biri vərəqi öpsəm babamın qoxusu gələr?"

Bu kitabda oxuduqlarım bir az kədərli,bir az da çağrış notları üstündə köklənən xəyallarımı ayaq izləri kəsilən, ot basmış yollarla Sumqayıtdan uzaqlara –düşmən tapdağı altında qalan torpaqlarımızda uyuyan doğmalarımızın ruhlarının ziyarətgahlarına çevrilən, səs-səmir gəlməyən boş qalmış yurd yerlərinə, sahibsiz bağ-bağçalara apardı. Bir neçə zamanlıq da olsa xəyalım həqiqətə çevrildi. O qayğısız, xoş keçən günlərimizi yenidən yaşadım. Və elə bu kitabdaki sətirləri,  xatirələri oxuduqca  xoş xatirələrlə yaşayan, torpaq həsrətindən qəlbləri yanıb bir ovuc külə dönmüş biz Qubadlılılar - səsimizi Gülşad dədəmizin səsinə qatıb, üzümü Qarabağın bütün ər oğullarına tutur və deyirəm: "OLUMla ÖLÜM arasında qalmayın! Bilin ki, OLUMun özündə də bir ÖLÜM var. Qarabağın izləri kəsilən yolları, yurd yerlərimiz, doğmalarımızın ruhları bizi çağırır. Bir ömür Təbrizlə Bakının ayrılığına yanan atanın, ananın  övladlarıyıq axı! Yalvarırıq qoymayın Vətəndə Vətən bölünsün.. Övladın tərbiyyəsinə valideyn cavabdehdir, Vətənin, millətin narahatlığına, bütövlüyünə isə onun ziyalı oğul və qızları."

...Gözlərimdə ağrı səsi, ruhumda yalquzaq ulartısı, içimdə bir kitabın yaratdığı və yaşatdığı üsyan!
Hələlik, oxucum! 

Çinarə Ömray
AYB-nin üzvü,
Prezident təqaüdçüsü



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az