"Müdafiə Nazirliyi qabaqlayıcı addımlar atmazsa, nəticələr DƏHŞƏTLİ OLACAQ"


"Yaxın günlərdə çox ağır və faciəvi lokal xarakterli toquşmaların olması qaçılmazdır"

Əziz dostlar! Hörmətli həmkarlar!

Sizi inandırım ki, bu gün cəbhənin Füzuli istiqamətində baş vermiş hadisədən sonra da əgər biz yenə də səbr və dözüm nümayiş etdirəcəyiksə, sadəcə quru bir bəyanət səsləndirməklə işimizi bitmiş hesab edəcəyiksə, vallah yaxın günlərdə Azərbaycan Silahlı Qüvvələrinə, həmçinin düşmənlə üz-üzə dayanan Azərbaycan Ordusunun həm şəxsi heyəti, həm də döyüş texnikası və avadanlığı ilə bağlı faciəli xəbərlər alacağıq. İnanmayanlar qoy inanmasınlar, yatanlar da qoy "şirin röyalarını və xam xəyallarını" davam etdirsinlər. 

Cəbhədə gərginliyin olmasına birbaşa ATƏT-in Minsk qrupunun xeyir-duası ilə həm razılıq verilib, həm də Ermənistan qarşısında bir qədər də sərt tələblər qoyulub. O şərəfsiz üçlüyə və onların başbilənlərinə çoxlu qan-qada lazımdır. Özləri də hiss edirlər ki, onlara olan inam və etimad çox mənfidir, demək olar ki, sıfırdan da aşağı səviyyəyə düşüb, onların guya rolunu bir balaca qabartmaq üçün fərq etməz, azərbaycanlı olsun, ya erməni yaramazı, ölməlidir, ya yaralanmalıdır, əsir də götürülə bilər. Təki tərəflər bir birini "qırıb-töksünlər".

Sragagün ATƏT sədrinin şəxsi nümayəndəsi, ERMƏNİ AGENTİ, ERMƏNİ maraqlarını birbaşa müdafiə edən polşalı diplomat Anjey Kaspşik Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı qapılar arxasında çox mühüm və Azərbaycan üçün heç də yaxşı olmayan planları müzakirə edib və yaxın günlərdə siz bu müzakirələrin necə acı nəticələrlə müşaiyət olunacağını özünüz də görəcəksiniz. Son vaxtlar iki Azərbaycan İgidinin-mayor Aqil Ömərovun Ağdam istiqamətində, əsgər Elşən Xəlilovun isə Tərtər istiqamətində qətlə yetirilirələrək Şəhid olmalarına görə Ermənistan siyasi və hərbi rəhbərliyini topa tutmağa borclu olan bir qurum, sadəcə susur və təxribatların miqyasının daha da çoxalmasını arzulayır və istəyir.

Davamı çox ağır və faciəli olacaq. Allah Azərbaycanın mərd oğulllarını qorusun. Onlar haqq işində Şəhid olurlar, amma hər şeyin bir həddi-hüdudu olduğuna görə, biz də cəmiyyət olaraq baş verən və verə biləcək hadisələrə seyrçi mövqe tutmamalıyıq. 

Qarabağda yaxın günlərdə çox ağır və faciəvi lokal xarakterli toquşmaların olması qaçılmazdır. Müdafiə Nazirliyimiz düşməni susdurmaq və onun ağılsızlığının qarşısını almaq üçün qabaqlayıcı, profilaktik addımlar atmazsa, nəticələr dəhşətli ola bilər. 

Çox incəlikləri açıq formada yazmıram. Özünüz də şükürlər olsun ki, hadisələri incələməyi və proqnozlaşdırmağı bacarırsınız. 
Tanrı Azərbaycanımızı və Ordumuzu məkrli, xain planlardan qorusun.

Üzeyir Cəfərov, 
Tanınmış hərbi ekspert, ehtiyyatda olan polkovnik-leytenant



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az