Növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq

Növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq
Böyük ehtimalla növbəti sürət qatarları Qəbələ və Yalama istiqamətlərində olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, artıq bu istiqamətlərdə işlərə başlanıb: "Tikinti işləri qaydasında gedərsə, növbəti ilin sonlarına Qəbələ istiqamətində yol təhvil veriləcək. Texniki imkanlarımız bunu reallaşdırmağa imkan verir. Növbəti istiqamət isə Yalama olacaq”.
QSC sədri əlavə edib ki, Bakı-Yalama yolunun tikintisi üçün artıq tender elan olunub: "Prosesin iki il çəkməsi gözlənilir, çünki bu yol daha mürəkkəbdir. Orada yeraltı və yerüstü keçidlər olacaq”.
Bu gün yola düşən Bakı-Gəncə sürət qatarlarına gəlincə, C.Qurbanov vurğulayıb ki, bu qatarların sürəti sınaq üçün 159 km/saat seçilib:
"Sürət ara-sıra dəyişir. Hazırda sürət saatda 130-135 km-dir. Qatarın texniki imkanları saatda 300 km sürətlə hərəkət etməyə imkan verir. Biz bu layihəni həyata keçirəndə maksimal sürəti 160 km/saat nəzərdə tutmuşuq. Gələcəkdə bu sürətin artırılmasını planlaşdırırıq”.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az