Qarabağ VETERANLARI Sahil Babayevdən NARAZIDIR: "Yüz minlərlə insanları qıcıqlandırma..."

Qarabağ VETERANLARI Sahil Babayevdən NARAZIDIR:

Əziz dostlar! Hörmətli həmkarlar!

Diqqətinizə bir məsələni çatdırmaq istəyirəm. Toxunduğum bu məsələ ciddi və ölkəmizin maraqlarına toxunduğuna görə, hesab edirəm ki, ən yüksək səviyyədə buna reaksiya verilməsi və ən əsası isə DÖVLƏT BAŞÇISI və Nazirlər Kabineti səviyyələrində bu məsələ müzakirə edilməli, qərarlar verilməlidir. 

Şəxs olaraq məni ən çox narahat edən məsələ dövlət və hökumət strukturlarında son vaxtlar ŞTATLARIN ŞİŞİRDİLMƏSİ və LAZIMSIZ, BİR BİRİNİ təkrarlayan şöbə və xidmətlərin yaradılması, dövlət büdcəsindən MİLYONLARLA vəsaitin faktiki hər ay göyə sovrulmasıdır. 

BU qədər ŞİŞİRDİLMİŞ ŞTATLARIN saxlanmasına əsla ehtiyac yoxdur. 21-ci əsrdə yaşayırıq və hər şey, internet və müasir texnologiyalar üzərindən idarə olunur. 

Vallah, baxıram ildən ilə işlərin rəvan və operativ getməsi əvəzinə BÜROKRATİK ƏNGƏLLƏR daha da çox yaradılır. Bu da daha çox son illər demək olar ki, əksər nazirlik və idarələrdə peyda olan "kiçik şahların" və "əsabaların" sayının həddən çox çoxalması və əsassız olaraq onlara layiq olmadıqları səlahiyyət və şəraitlərin yaradılmasına görə baş veriri. Mənə deyə bilərlər ki, bəs bizdə vətəndaşlarımız üçün yaradılmış, özünü doğruldan ASAN xidmət kimi dünyaya təqdim etdiyimiz uğurlu bir layihə mövcuddu və bu iş özünü doğruldur. Necə deyərlər, eşq olsun, yaradan əllərə! Amma, İDARƏETMƏ SİSTEMİNDƏ o qədər lazımsız, biri digərini təkrarlayan şöbələr, xidmətlər yaradılıb ki, onların tam yarısı ixtisara salınmalı və ya işləri təkmilləşdirilməlidir. 

Çox da vaxtınızı almamaq və fikirmi sizlərə ətraflı izah etmək üçün aşağıda iki KONKRET MİSAL ilə hələlik sizləri bu mövzu ilə baş başa saxlamaq istərdim. 

Mən və mənim kimi minlərlə insan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin fəaliyyətindən ÇOX NARAZIYIQ. Və belə gedişlə biz ölkə başçısı qarşısında bu son dərəcə vacib və mühüm qurumla bağlı, onun rəhbərliyinə TƏCRÜBƏLİ, İŞİNİ BİLƏN bir şəxsin təyin edilməsi ilə bağlı həm xahiş, həm də tələb irəli sürəcəyik. Bu bizim haqqımızdır. Sahil Babayev özünün və tabeliyində olan çoxlu sayda cavan, heç bir həyat və fəaliyyət təcrübəsi olmayan kadrları ilə dövlət və hökumət başçısının verdiyi fərman və sərəncamların, qərarların icrası ilə bağlı insanlarda çox böyük narazılıq və narahatçılıq yaradır. 

Ölkə başçısının hələ fevral ayında biz müharibə veteranları ilə bağlı verdiyi fərmanı üstündən ay yarım vaxt keçməsinə baxmayaraq, HƏLƏ DƏ yerinə yetirməyib. Hələ bu cavan oğlan az qala sayı yüz minə çatan, həyatda kifayət qədər iş və xidmət təcrübəsi olan yaşlı, cavan, əlil, qoca, hərəkət imkanları məhdud olan insanları müxtəlif idarə və müəsissələrin qapılarına salıb özündən kəşf etdiyi əndrabadı, məntiqsiz ərizə yazdırmaq, sənəd toplamaq kimi bürokratik əngəllər yaratmaqla həm insanları qıcıqlandırır, həm də öz səriştəsiz işi ilə dövlətin və hökumətin fəaliyyətinə xələl gətirir. 21-ci əsrdə, kömpüter və digər texnologiyaların inkişaf etdiyi əsrdə bu cavan oğlan hələ də 20-ci əsrin bürokratik iş üsullarından biri olan kağız-küğuzdan ya bilərəkdən, ya da bilməyərəkdən yaxa qurtarmaq istəmir. Buradan Sahil Babayevə və rəhbərlik etdiyi qurumun səlahiyyətlərinə səslənirəm. YIĞIŞDIRIN BU cür iş metodunuzu. Şəxsən mən, ölkə başçısının fərmanı ilə mənə çatacaq Müharibə Veteranı kimi müavinatımı əgər may ayında da vaxtında almayacağım təqdirdə, Sizi hüquqi prosedurlar vasitəsiylə necə lazımdır "maarifləndirəcəyəm". Siz haçandan belə "ağıılı" olmusunuz ki, dövlət başçısının verdiyi fərman və sərəncamları belə faktiki saymazyana və əsl sovet bürokratları kimi sürünüdürməklə yerinə yetirirsiniz? Mənimlə və mənim kimi yüz minlərlə pensiya və təqaüd alan şəxslərlə bağlı Sizin rəhbəri olduğunuz nazirlikdə BÜTÜN MƏLUMATLAR həm elektron qaydasinda, həm də təqaüdçü kimi DSMF-da saxlanılan şəxsi işlərimizdə var. Və çox şükürlər olsun ki, hələ ki, sizin bütün savadsız və başdan ayağa bizlərə süni şəkildə yaratdığınız əsəbi, stresli iş rejiminizdən dolayı bizlər ayaq üstəyik və Dövlətimizə, Dövlətçiliyimizə, Xalqımıza və Millətimizə vicdanla xidmət edirik.

İkinci ən əsas məsələ. Azərbaycanın Milli Qəhrəmanı statusunda olan şəxsin - hörmətli dostumuz Zabit Quliyevin Ukraynada ağır xəstələnməsi, faktiki ölümün pəncəsində olduğu ilə bağlı xəbərlər alan kimi məhz Sahil Babayevin birbaşa vəzifə borcu idi ki, onun həyatını xilas etmək üçün gecəynən səfərbər olub, lazımı tədbirlər görülsün. Azərbaycanın Ukraynadakı səfiri hörmətli Azər Xudiyevlə, səfirliyin əməkdaşları ilə səhərə qədər də olsa operativ əlaqə saxlanılmalı, cavan bir ailə başçısının həyatını xilas etmək üçün maksimum insanlıq və vəzifəli şəxs kimi işləri görməyə BORCLU idiniz. Əgər hər bir işi, təkcə bu nazirliklə bağlı deyil, o biri qurumlarla da bağlı ölkə başçısı və birinci vitse-prezident kimi onun xanımı həll edcəksə, onda sizlərə o vəzifələrdə oturmağa nə ehtiyac var?! Siz əgər Milli Qəhrəman statusunda olan şəxsə qarşı belə çox soyuq və biganə münasibət sərgiləyirsinizsə, onda sıravi, adi veteran və ya əlilə, Şəhid ailəsinə qarşı hansı işinizlə öyünə bilərsiniz? Bilirəm yazdıqlarımı təkzib etmək üçün dəridən-qabığdan çıxacaqsınız. Yormayın özünüzü.

Elə şeylər var ki, onları ya sosial şəbəkələr, ya da hələ də vicdan hissini itirməyən, satılmayan mətbuat vasitəsiylə ictimailəşdirsək, vallah vəziyyətiniz çox acınacaqlı olacaq. Cəmiyyətin ən həssas və diqqətə, qayğıya sonsuz ehtiyacı olan təbəqəsi ilə işləməyi bacarmaq lazımdır. Özü də bu insalar sizi dağa da qaldıra bilərlər, sizin gələcək taleyinizi də birdəfəlik həll etmək gücündə olan şəxslərdir. 
Tanrı Azərbaycanımızı öz işinin məsuliyyətini dərindən dərk etməyən bütün kateqoriyadan olan məmur və vəzifəli şəxslərdən hifz eləsin!

 Üzeyir Cəfərov 
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az