"Qarabağla bağlı son söz Azərbaycana məxsusdur, kimin nə deməsindən asılı olmayaraq


Azərbaycanda səfərdə olan və ya Azərbaycan siyasi rəhbərliyi ilə görüşən beynəlxalq təşkilat rəhbərlərinin tez-tez səsləndirdiyi fikirlərdən biri Qarabağ probleminin hərbi müstəvidə həlli pespektivinin olmaması, problemnin yalnız sülh yolu ilə həllinin mümkünlüyü ilə bağlıdır.

Maraqlıdır, torpaqları işğal edilən, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan tərəfinin diqqətinə çatdırılan  bu mesaj nədən xəbər verir? Bu, beynəlxalq təşkilat və iri güc mərkəzlərinin regionda müharibə istəməməsi, sülhpərvər mövqe sərgiləmək istəyinin təzahürüdür? Yoxsa bu mesajın arxasında Azərbaycanı müharibə qərarından çəkindirmək, ona problemi hərbi yolla həllini yasaqlamaq istəyi dayanır?

Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

"Gəlin öncə beynəlxalq təşkilatların strukturunu yada salaq. Dünyanın ən nüfuzlu təşklatı BMT-dir. Onun Təhlükəsizlik Şurasının qətnamələri mütləq həyata keçirilməlidir. Digər təşkilatlar isə regional sazişlər kateqoriyasına düşürlər. Onlar region çərçivəsində BMT-nin nizamnaməsinə zidd hər hansı fəaliyyət həyata keçirə bilməzlər. Onların da öz nizamnaməsi var və bu nizamnamələrdə sülhün pozulmasının arzuedilməz olduğu və s. kimi müddəalar yer alır. Ermənistanın işğalı ilə bağlı BMT-nin qətnamələri mövcuddur. Onlar bu qətnamələri pozurlar. Təəssüflər olsun ki, BMT tərəfindən bu qətnamələrin icrası ilə bağlı heç bir addım atılmayıb.

Sadəcə olaraq, vasitəçi kimi ATƏT-ə vasitəçiliklə bağlı mövqe verilib. ATƏT danışıqların keçirilməsi və s. kimi işlərlə məşğuldur. Amma biz görürük ki, son 25 il ərzində bu səylər heç bir nəticə vermir.

Təbii ki, beynəlxalq təşkilatların nümayəndələri nizamnaməyə əsasən sülhdən danışırlar. Onlar belə də danışmalı, tərəfləri sülhə çağırmalıdır. Amma digər bir məsələ də var. Azərbaycan dövlətinin konstitusiyası tələb edir ki, onun sərhədləri, suverenliyi təmin edilsin. BMT nizamnaməsində xüsusi bir bənd var ki, işğala məruz qalan ölkə 51-ci maddəyə uyğun olaraq işğalçıya qarşı istənilən addım ata bilər. İşğalın qarşısını almaq onun beynəlxalq hüquqla təsbit edilən haqqıdır. Odur ki, kimin nə deməsindən asılı olmayaraq son söz Azərbaycana məxsusdur”.

 Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az