Sevgi...

Sevgi...
Bir-birilərinin qabırğasından yaranan adamlar olur.

Qadını onun qabırğasından yaradan allah bir də baxar ki, fikirli olub bir yerinə iki qabırğanı çıxardıb onu yaratmaq üçün. Sonra kişi bir az ağrıyar deyə ilk qadını göndərər yer üzünə, kişi sağalandan sonra gələr. Qadınlar hər zaman ilk təcrübədən keçən olar və o gün bu gündür ki, kişi hey qadına görə ağrıyar.
O gün bu gündür ki, kişi  hey iki addım arxada, iki qabırğa içdən olar, hər zaman iki qabırğalıq çatışmamazlıq hiss edər içində. 

Qadın hərdən çox düşünər. Düşünər ki, gözünü yumub açsın və yox olsun bütün həyatlardan. Amma sonra yadına düşər ki, qabırğa ağrısı yaman olur. Adam ağrıdan qovrulur, yanır amma sağalmır. Düşünər ki, onun kiməsə bu ağrını yaşatmağa haqqı yoxdu. 

Fikirləşər ki, qabırğa ağrısına dözməkdənsə ürəyağrısına, ruh ağrısına dözsün.

Bəzi qadınlar xoşbəxt olmaq üçün doğular, bəziləri xoşbəxtliyi imitasiya edər, bəzi qadınlar həyat yoldaşı olar, bəzi qadınlar isə qabırğa yoldaşı. Həyat yoldaşı olmaq asandır. Bir neçə mükəlləfiyyətin olur boynunda yerinə yetirirsən vəssalam, oldun xoşbəxt.
Amma qabırğa yoldaşı olmaq zülümdü.Həm də sevgi dolu zülüm. Onda sən onu duyursan, ağrısın hiss edirsən.Çünki canı canından olur. Onda sən istəsən də gedə bilmirsən çünki dünyanın harasında olsan da onu duyacaqsan, hiss edəcəksən...

Çinarə Ömray


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az