Sevim ürəyini ölənə kimi

Sevim ürəyini ölənə kimi

MƏRYƏM ƏLİYEVA

Mənə bir güvən ver üzməyim səni,
Alım qismətimin qolları üstə.
Əhdi-vəfa edib elə bağlanaq,
Qalmayaq həsrətin yolları üstə.

Gözümə düşməsin gizli baxışlar,
Kipriyim içində nəzər olmasın.
Əlim isinməsin özgə əlində,
Telim tel üstündə gəzər olmasın.

Yanağa süzülən yaşımı qoru,
Torpağın gördüyü daşa düşməsin.
Xəfif nəfəsini elə toxundur,
Ürək öpdüyünü başa düşməsin.

Yapış əllərimdən buraxma məni,
Özümü özündə daşıya bilim.
Utancaq gözümü elə oğurla,
Sənin nəzərində yaşaya bilim.

Təkcə sədaqətin yetərlidir ki,
Tutum diləyimi gələnə kimi.
Bir az etibar ver,bir az da ürək,
Sevim ürəyini ölənə kimi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az