Şirkət xəzinədarını bıçaqlayan şəxsə 18 il həbs cəzası verilib

Şirkət xəzinədarını bıçaqlayan şəxsə 18 il həbs cəzası verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Turan Kubuşovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report”un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. O günahsız olduğunu bildirib və bəraət istəyib.
Məhkəmənin hökmü ilə ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, T.Kubuşov T.Namazova 14 bıçaq zərbəsi vurmaqda təqsirləndirilir.
Hadisə ötən il aprelin 25-də Yasamal rayonunda "ZD Travel” şirkətinin qarşısında baş verib. Şirkətin xəzinədarı, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan ona müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və mühasibə 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Kubuşov saxlanılıb. O, bir müddət "ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyevin sürücüsü işləyib.
1983-cü il təvəllüdlü T.Kubuşov Cinayət Məcəlləsinin 29,120.2-ci (qəsdən adam öldürməyə cəhd) və 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir.
T.Kubuşov məhkəmədə verdiyi ifadədə ittihamı qəbul etməyib və hadisə baş verən zaman başqa ərazidə olduğunu bildirib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az