"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər


İkimiz də şair—yazı yorğunu...
(Oğlum, şair Elvin Paşaya)

...şükür, vaxt səni də görkəmə çəkdi,
yeri, şahidliyə yüz adamı yığ!
İkimiz də şair—yazı yorğunu,
ikimiz də zərif söz adamıyıq...

Bu da bir ilməçi naxışıdı ya?
Ya da bir həyacan—düz iliyəcən?
Ya bəlkə bir xilas durna yoludu
burdan Bağdadacan, Füzuliyəcən?

...bildiyindən özgə nə bilir könül,
çəkdiyindən artıq nə gəlir başa?
...ikimiz də şair—yazı yorğunu:
mən—Paşa Talıblı, sən—Elvin Paşa!

...göylər qədimlikdən çox nağılçıdı,
ərzin də bu axşam hilalı ovsun!
...adıyın üstündə adım var, bala!
Adımdan deyirəm: halalın olsun!



Hökumət verən yer...

...Allahın altından yer istəmirəm,
Allah yuxarıda, mən aşağıda!
Bilirəm, dünyanı O yaradıbdı...
Könülsüz yaradıb mən aşığı da!

...padşahın, fironun qızıllarıydı-
Allahın altında qızıllar hanı?
Hardadı Allahın altı deyilən,
min ildi torpağı qazırlar, hanı?

...naxış da deməyim, bəs nə deyim mən
bu məğşuş havada yel izlərinə!
...mənə başqa yerdən versin hökumət,
Allahın altından yer istəmirəm!

Paşa Talıblı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az