Novella Cəfəroğlu Bəxtiyar Hacıyevə: “Sifarişi ancaq Allahdan alıram, 82 yaşım var, vecimə də deyil...”

Novella Cəfəroğlu Bəxtiyar Hacıyevə: “Sifarişi ancaq Allahdan alıram, 82 yaşım var, vecimə də deyil...”
"Birincisi, Bəxtiyar Hacıyevlə bağlı "Soros” adını, doğrudan da, çəkməmişəm. Kim harada yazıbsa, bilmirəm. Çünki "Soros” Fondu erməniləri maliyyələşdirir. Əlbəttə, Azərbaycanda da bir neçə təşkilat var ki, "Soros”la bağlıdır, ondan pul da alır. Amma Bəxtiyarın Ordumuza yardım üçün "Soros”dan pul aldığını deyə bilmərəm, çünki "Soros” ermənilərin tərəfində işləyir, bizə pul verməz. Bunun hesabatı var. Bəxtiyar hesabatda yaza bilməz ki, "Soros”dan pul alıb əsgərlərə yardım etmişəm. Amma Bəxtiyarın başqa yerdən pul aldığını bilirəm. Kimlər verib, necə verib. 1 milyon ianə. Adamlar zorla deyiblər ki, pul verək. Bunu da mənə deyiblər. Niyə o pulu məhz Bəxtiyara verdilər? Elə təmiz adama verərdilər də. Məsələn, Turan Agentliyinə. Mehman çox təmiz və gözəl insandır. Bəxtiyarı birinci dəfə həbs edəndə həm monitorinq qrupumuz, həm şəxsən özüm yüz adamla görüşmüşəm ki, onu azad etsinlər. Azad ediblər. Özü də həbsxanadan çıxandan sonra gəlib mənə təşəkkür etdi ki, "Novella xanım, çox sağ olun”. Mən də ona dedim ki, özünü elə apar, bir də həbsxanaya düşməyəsən...” 

 

Bu sözləri Pravda.az-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ona ünvanladığı müraciətinə cavab olaraq deyib. 

 

N.Cəfəroğlu sosial şəbəkələrdə onun ünvanına təhqirlər yazanlara səslənib: "Mənim anamı təhqir edən öz anasını, bacımı təhqir edən öz bacısını təhqir edir. Bəsdir. Tənqid edin, yazın ki, Novella xanım düz demir. "Satqın” nə sözdür? Satqın sözünün üstündə səni həbsxanaya salıb, 10 il "iş" verdirərəm! Bu, sözdür? Hansı satqınlığımı görümüsünüzsə, göstərin! Həmin Bəxtiyar Hacıyevə deyirəm: Sən kimsən, nə ixtiyarla qadınlara "samovar” demisən? Kimsən, nəçisən ki, qadınların şəkillərini çəkmisən? Sən kimsən bu gün Azərbaycanın nazirinə başqa adla müraciət edirsən? Mən demirəm ki, polislərimiz idealdır. Özüm də onlardan incikliyəm. Bu, ayrı məsələdir. Vilayət Eyvazovun polisləri Azərbaycanı oğrulardan qurtarıb. Gecə saat 01:00-02:00-dənək şəhərdə sərbəst gəzə bilirsən. İstanbulda hərənin cibində silah, bir-birinə güllə atır, gecə mağazalarda oğurluq olur. Vilayət Eyvazov ölkəmizdə belə halların qarşısını alıb. Vilayət Eyvazovun polisləri müharibədə qabaqda gedən oğullardır, şücaət göstəriblər. Axı bunların hamısı olub. Sən kimsən bəs? Azərbaycan üçün nə etmisən? Bu gün Bəxtiyar Hacıyev Azərbaycan dövləti üçün nə edib? Ailə, uşaq qalmır, hamını təhqir edirlər. Bu gün Prezidentimə, ailəsinə, nazirimə belə sözlər desələr... Tənqidlərə razıyam. Amma əxlaq dərsi var. Bu yaxınlarda ana-atamı söydülər, yüz söz dedilər. Təzyiqim 90/50-yə düşdü. Nə qədər stress keçirdim. Siz kimsiniz ki, mənim ailəmə toxunursunuz? Kim ailəmə toxunsa, məhkəməyə verəcəyəm, böyük miqdarda təzminat tələb edəcəyəm. Bəsdir! Bir dəfə məhkəmə olmalıdır ki, bunlar ailələri təhqir etməyə, arvad söhbətinə, əxlaqsız sözlərə son qoysunlar”. 

 

N.Cəfəroğlu Bəxtiyar Hacıyevin ona ünvanladığı müraciətdə "sifarişli hərəkət” ifadəsini işlətməsinə isə belə münasibət bildirib: "Mənə kim sifariş verəcək? Bu gün mənə ancaq Allah sifariş verə bilər. Heç kimdən asılı deyiləm, nə müxalifətdən, nə də iqtidardan! Müsavatçıyam. Həmişə öz sözümü Müsavatda demişəm. Onları da müdafiə etmişəm, hökumətə də sözümü demişəm. Hələ beynəlxalq təşkilatlar bizə hücum edəndə lazımi yerlərdə hökuməti də müdafiə etmişəm. Mən sifarişi ancaq Allahdan alıram, bunu bilin. Dövlətimi, millətimi, əxlaqlı davranışı sevirəm. Kimsə millətimə, dövlətimə nalayiq söz deyəcəksə, hücumlar edəcəksə, hamısının qabağında duracağam. 82 yaşım var, vecimə də deyil. Heç kimdən qorxmuram, heç ölümdən də. Bilirəm, bundan sonra da söyəcəklər, cəhənnəmə söysünlər, bu da vecimə deyil”. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az