Ramiz Rövşən: SON GÖRÜŞ
Ramiz Rövşən
Bu vaxtsız sevginin əcəli yetdi,
Buydu qismətimiz -
ya tez, ya da gec.
Hərə öz dərdini apardı-getdi,
Bəs niyə dərdimiz azalmadı heç?
Dünya dağılmadı biz ayrılanda,
Göylər bir az yağış çilədi ancaq.
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq.
Rahatlıq dilədin ev-eşiyimə,
körpəmin beşiyinə.
Nəvəsi dizinin üstünə çıxan
atama, anama da.
Bir vaxt səndən qabaq rastıma çıxan,
məni səndən alan qadınıma da.
İstədim son dəfə basım bağrıma,
Dedin:
- Nəyə lazım, yox, yaxşı deyil!..
Ağladın.
Dedim ki, kiri, ağlama!
Dedin ki, yağışdı, göz yaşı deyil.
- Bu görüş sonuncu görüşdü daha,
bu gün ayrılırıq, - deyib gəlmişdin.
Bəs niyə mənimlə bu ayrılığa
ən gözəl donunu geyib gəlmişdin?
Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum -
bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun -
bilmirəm.
Bir sevgi yarımçıq qırıldı o gün,
Yağış da kəsildi, bulud da getdi.
Bir qızla bir kişi ayrıldı o gün,
Hərəsi bir yana üz tutdu-getdi.
… O qızdan gözəl qız tapılmaz daha,
Daha o kişidən igidi yoxdu.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdu...
Miq.Az